Almaniya Bundestaqında Qarabağ müzakirələri
Almaniya Bundestaqında Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsi (MK) və Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri üzrə İnstitutunun birgə təşkilatçılığı ilə “dondurulmuş münaqişələr” mövzusunda tədbir çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş xüsusi müzakirələr keçirilib.
APA-nın tədbiri işıqlandıran Avropa bürosunun əməkdaşının məlumatına görə, müzakirələrdə moderator qismində AŞPA-nın Dağlıq Qarabağ Alt Komitəsinin rəhbəri Lord Rassel Conston təmsil edib. Müzakirələrə xüsusi olaraq iki tədqiqatçı professor da cəlb olunub. Müzakirələrdə ilkin olaraq söz alan Qafqaz Proqramının və Barışıq Resursları Təşkilatının həmsədri Conatan Koen bildirib ki, postsovet məkanında muxtariyyət anlayışı çox mənfi qarşılanır: “İlk növbədə sülh prosesinə baxışlara dair mentaliteti dəyişmək lazımdır. Çünki, Qarabağ münaqişəsində atəşkəs olsa da, sülhü möhkəmləndirmək əvəzinə hər iki cəmiyyət bir-birindən daha da uzaqlaşmaqdadır. Hesab edirəm ki, bütün bunlardan qaçmaq üçün ilk növbədə Dağlıq Qarabağın erməni icması ilə Azərbaycan hökuməti arasında, eləcə də bölgənin hər iki ictimaiyyəti arasında əlaqələr yaratmaq lazımdır. Aydındır ki, Bakı bu məsələdə ehtiyatla davranır və Bakıda elə təsəvvür yaranıb ki, bu formada danışıqların aparılması Qarabağın ölkədən ayrılmasına gətirib çıxara bilər. Lakin əmin edirəm ki, bu məsələdə bir neçə dialoq mexanizmləri var ki, bu heç də bölgənin Azərbaycandan ayrılması anlamına gəlməzdi. Bu gün Dağlıq Qarabağ münaqişəsi bütün region üçün perspektivlərin pisləşməsinin mühərriki yolunda çıxış edir”. Conatan Koen sülh əldə etmək üçün opponentləri dinləməyin vacibliyini vurğulayıb: “Bu məsələdə opponentlərə mütləq söz verilməlidir, başqa cür sülh əldə etmək mümkün olmayacaq. Dağlıq Qarabağ münaqişəsi getdikcə digər sahələrə də təsir göstərməkdədir. Qəbul etməliyik ki, hazırda Qafqaz bölgəsində silahlanma yarışı gedir. Silahlı münaqişə bitsə də, bunun birdəfəlik sona çatdığını demək olmaz. İndi digər mərhələ başlayıb, cəmiyyətlər arasında əsl söz müharibəsi gedir. Bu söz müharibəsində təkcə mətbuat və siyasətçilər deyil, çox vaxt rəsmilər də iştirak edirlər. Bu da çox mənfi faktordur. Bu, onu göstərir ki, tərəflər opponentlərə hələ də konstruktiv danışıqlar apara biləcək tərəfdaş kimi baxmırlar. Yəni bu, cəmiyyətlərin və siyasi elitaların kompromislərə gedə biləcək vəziyyətdə olmadıqlarının göstəricisidir”.
Daha sonra tədbirdə çıxış edən Nottingem Universitetinin siyasi elmlər professoru Stefan Volf Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Avropa İttifaqının oynadığı rol barədə danışıb: “Avropa İttifaqı münaqişənin həllində əsasən iki prinsipdən istifadə edir. Bunlardan biri Avropa Qonşuluq Siyasəti, digəri Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin təyin edilməsidir. Hesab edirəm ki, Avropa İttifaqı münaqişənin nizamlanması istiqamətində bundan da artıq rol oynamalı, həm insan resursları, həm də maliyyə imkanlarından yararlanaraq daha çox təsir imkanı əldə etməlidir. Həmçinin hesab edirəm ki, Avropa İttifaqı Dağlıq Qarabağ icması ilə birbaşa əlaqələrə başlamalıdır, bu icma ilə danışıqlar aparmaq vacibdir. Bundan başqa Avropa İttifaqı hər iki ölkədə vətəndaş cəmiyyəti və mətbuatla sıx işlər aparmalıdır. Bu münaqişələr ümumilikdə bütün Avropada sabitliyin pozulmasına səbəb olan faktorlar kimi dəyərləndirilir”. Müzakirələrdə çıxış edən Ermənistanın AŞPA-da nümayəndə heyətinin rəhbəri David Arutyunyan Dağlıq Qarabağda yaşayan ermənilərin vəziyyətini insan haqları ilə əsaslandırmağa çalışıb. O, hələ SSRİ dövründə belə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmadığı kimi gülünc iddia da irəli sürüb. Daha sonra Ermənistan nümayəndəsi panel iştirakçılarına və məruzə ilə çıxış edən iki professora Dağlıq Qarabağ ətrafında işğal edilmiş rayonlarla bağlı sual ünvanlayıb və Azərbaycanın bu rayonlarının işğalına haqq qazandırmağa çalışıb: “Azərbaycan hərbi büdcəsini sürətlə artırdığı bir dövrdə Ermənistan bu əraziləri Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək üçün öz nəzarətində saxlamaqla düz etmirmi?” Bu sualı cavablandıran Stefan Volf bildirib ki, Ermənistan bu məsələdə nahaq yerə özünə haqq qazandırmağa çalışır: “Bunun üçün başqa variantlar da var. Həmin zona azad edildikdən sonra müəyyən müddətdə regiondakı təhlükəsizliyi beynəlxalq sülhməramlı qüvvələr təmin edə bilərlər”.
Paneldə çıxış edən AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel münaqişələrin nizamlanması üçün demokratik cəmiyyətlərin qurulmasını vacib sayıb: “Dağlıq Qarabağda baş verənlər çox acınacaqlıdır. Çünki, bir milyondan artıqü insan münaqişə nəticəsində Azərbaycanda qaçqın vəziyyətində yaşayır. Hesab edirəm ki, bu məsələdə qarşılıqlı etimad mühiti yaratmaq vacibdir”. Paneldə çıxış edən Milli Məclisin üzvləri Asim Mollazadə və Zahid Oruc da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan tərəfinin mövqeyinə müxtəlif aspektlərdən aydınlıq gətiriblər. Bununla da Almaniya Bundestaqında Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş xüsusi müzakirələr başa çatıb. Tədbiri işıqlandıran APA əməkdaşının verdiyi məlumata görə, hazırda tədbir çərçivəsində Gürcüstan ərazisində dondurulmuş münaqişələrlə bağlı diskussiyalar keçirilir. http://news.qaynar.info/?mod=view&id=9587

